Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
VAHİD MƏKTƏBLİ FORMASI ŞAGİRDLƏR ARASINDA NİZAM-İNTİZAMIN, SOSİAL BƏRABƏRLİYİN RƏMZİDİR

0

  • Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Ötən tədris ilində bütün ümumtəhsil
    müəssisələrdə keçirilən Pedaqoji Şuraların müvafiq qərarı ilə hər məktəb 4 cür geyim formasından birinin seçmişdir.

    Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayonunun 12 təhsil ocağında da vahid məktəbli formasına keçidlə bağlı Pedaqoji Şuralarda bu məsələ müzakirə edilmiş
    və müvafiq qərara əsasən hər məktəb öz geyim formasını təyin etmişdir. Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Nəcəf Həsənov bildirdi ki, 2023-2024-cü tədris ilində
    Xocalı rayonu üzrə 1470 nəfər təhsilalanlarımız olacaq. Valideynlərin iştirakı ilə keçirilmiş Pedaqoji Şuralarda hər məktəb öz istəyinə - qərarına uyğun olaraq 4 geyim formasından birini seçib. Bununla əlaqədar olaraq rayonumuzda aztəminatlı ailələrdən olan 44 nəfər şagirdin və 8 nəfər şəhid övladının vahid məktəbli
    forması ilə təmin edilməsi nəzərdə tutulub.  

    Yeni tədris ilinin yaxınlaşması ilə şagirdlərdə məktəb həyəcanı və vahid məktəbli formasını geyinməyin həvəsi hiss olunur. Bəs, ümumi olaraq bu yeniliyə valideynlərin münasibəti necədir?
    Bu barədə bəzi valideynlər öz fikirlərini bildirdilər.

    Günay Quliyeva,
    valideyn komitəsinin sədri:

    - Düşünürəm ki,
    vahid məktəbli formasına keçid şagidlərin hüquqlarının eyni olmasını onlara
    aşılamaq baxımından əhəmiyyətli qərardır. Gərək uşaqlar bilsinlər ki, onların
    ailələrinin imkanlı olub-olmamasından asılı olmayaraq, onlar parta arxasında,
    müəllim qarşısında eyni məsuliyyəti daşıyırlar. Şagirdlərdə vahid məktəbli
    formasına xüsusi istək də yaranacaqdır. İllər ötdükcə, məktəb həyatından sonra
    həmin formalar şagirdlərin yaddaşında uşaqlıq illərinin ən xoş xatirəsi kimi də
    qalacaq. Ancaq istərdim ki, geyimlər keyfiyyətli və qiymətləri münasib olsun. Ucqar kəndlərdə yaşayan, şəhərdən uzaq olan təhsilalanların valideynlərini nəzərə alaraq vahid məktəbli formasının həmin yaşayış yerlərində satışını təmin etmək və imkanı aşağı olan ailələrin və şəhid ailələrinin övladlarına bu geyimlərin pulsuz çatdırılması yaxşı hal olar. 

    Vasif Həşimov,
    valideyn:

    -  Şagirdlərin səliqəli, nizamlı görünməsi vacib
    məsələdir. Vahid məktəbli forması ilə şagirdlər eynihüquqlu olduqlarının fərqinə
    varacaqlar. Qiymətlərlə maraqlandım, maddi baxımdan da valideynlər üçün sərfəlidir.
    Nəzərdə tutulandan artıq vəsait xərcləməyə ehtiyac qalmır. Formalar yeni dəbə
    uyğundur. Mən deyərdim ki, nizam-intizamlı geyinmək şagirlərin dərslərə də
    hazırlıqlı gəlmələrinə təsir edəcək.

    Bəxtiyar Əhmədov,
    valideyn, müəllim:

    -  Məktəb uniformaları şagirlərin həvəslə
    oxumalarına, nizam-intizamlı olmalarına səbəb olacaqdır. Bu eyni zamanda
    şagirdlər arasında sosial bərabərliyi də təmin edəcəkdir. Ölkəmizdə vahid məktəbli
    formasına keçid təqdiralayiqdir. Geyimləri dəbli və qiymətini münasib sayıram. İnanıram
    ki, bu yenilik ənənə halını alacaq və hər kəs bu qaydaya əməl edəcək.

    Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət
    ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq
    edilməsi haqqında” 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən növbəti,
    2023-2024-cü tədris ilindən etibarən məktəblər üzrə bütün siniflərdə vahid məktəbli
    forması tətbiq ediləcək. Qərarda məktəblər üçün nəzərdə tutulmuş
    4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), açıq-qəhvəyi) geyim
    formasının nümunəsi təklif olunub. Təhsilalanların geyim forması qış və yay
    formalarından ibarətdir. Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək,
    oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış
    forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli
    jaket, oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü
    bağlanılan cibli jaket. Məktəblərin sifarişi əsasında bu qərarda göstərilən rənglərdən
    və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə
    yalnız bir geyim forması dəsti tətbiq edilir. Geyim forması dəsti məktəbin
    Pedaqoji Şurasının qərarı ilə müəyyən olunur və azı 3 tədris ili ərzində dəyişilməz
    olaraq tətbiq edilir.

                                                       
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib116 dəfə
    vahİd mƏktƏblİ formasi ŞagİrdlƏr arasinda nİzam İntİzamin sosİal bƏrabƏrlİyİn rƏmzİdİr

    Maraqlı gələ bilər
    55
    128